Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsini icra edir. Layihə çərçivəsində nazirliyin iki əməkdaşı üçün İtaliyanın Florensiya şəhərində fəaliyyət göstərən və Vecchio Sarayının idarəetməsinə cavabdeh olan Mus.E Assosiasiyasında təlim-təcrübə proqramı başlayıb.
İyunun 5-dən 23-dək davam edəcək proqramda Tvinninq işçi qrupunun üzvləri - nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və Hüquq sektorunun aparıcı məsləhətçisi Qiyafət Xeyirxəbərli iştirak edir.
Proqram Vecchio Sarayı və digər mədəni irs abidələri, muzeylər və kitabxanaların idarəolunmasına dair ən qabaqcıl təcrübələr barədə biliklərin təmin olunmasını nəzərdə tutur. İştirakçılar qeyd olunan sahədə Florensiyada həyata keçirilən işlərlə yaxından tanış olacaq və gündəlik iş rejimi şəraitində lazımi təcrübə əldə edəcəklər.