Görkəmli kinooperator, Əməkdar incəsənət xadimi Arif Nərimanbəyov ömrünün 50 ilini Azərbaycan kinosunun inkişafına həsr edib. Onlarla bədii və sənədli filmin ərsəyə gəlməsində bilik və bacarığından istifadə edərək kamil sənət nümunələrinin yaranmasına töhfə verib.
   Arif Əmir oğlu Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan şəkil çəkməyə maraq göstərir. Çəkdiyi fotolar çox vaxt məktəbin divar qəzetinin səhifələrində yer alır. Orta təhsilini başa vurduqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunur, tanınmış kinooperatorların təcrübəsindən bəhrələnir. 
   İnstitutdan məzun olduqdan sonra Bakıya qayıdır, kinostudiyada işə düzəlir. Yefim Dziqanın Zeynəb Kazımova ilə birgə çəkdiyi “Fətəli xan” filmində ikinci operator kimi əmək fəaliyyətinə başlayır. Görkəmli sənətkar Əlisəttar Atakişiyevin quruluşçu operator işlədiyi bu film onun sənət taleyində əhəmiyyətli rol oynayır. “Fətəli xan” filmi ilə sənətdə ilk uğurlu addımını atır. 
   Kinorejissor Lətif Səfərov 1955-ci ildə ona “Bəxtiyar” filmində quruluşçu operator kimi işləməyi təklif edir. O, təbiətən romantik sənətkar olduğu üçün öz fərdi yaradıcılığını çəkilişdə tətbiq edir. Təbiətin sərt və şıltaq motivlərindən çox ustalıqla sakit epizodlara keçid edir. Ağ-qara plyonkada lentə alınan bu film onun ilk uğurlu yaradıcılığı olur. O, daha sonra “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Leyli və Məcnun”, “Qaraca qız” və digər filmlərin çəklişində özünəməxsus dəst-xətt nümayiş etdirir.
   Kinorejissor Həsən Seyidbəyli 1969-cu ildə “Bizim Cəbiş müəllim” filmində operator işini A.Nərimanbəyova həvalə edir. O, filmdə Bakının tarixi yerlərini çox böyük ustalıqla lentə alır. Filmdə ağır müharibə illərinin Bakısı inandırıcı boyalarla təsvir olunub. Tamaşaçı ekranda cərəyan edən hadisələrin film yox, gerçək həyat hadisələri olduğuna inanır. 
   “Qaraca qız” kinonovellası lirik planda çəkilib. Filmdə Tutu adlı yetim bir qızın xeyirxahlığından, cəsarətindən və faciəli həyatından danışılır.
   Görkəmli sənətkar özünü aktyor kimi də sınayıb. Rejissor Rasim Ocaqovun “Özgə ömür” filmində həkim Əsədov roluna çəkilib.
   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında A.Nərimanbəyovun peşəkar sənətkarlığından bəhs edərkən yazır: “Kinorejissor Həsən Seyidbəyli 1963-cü ildə Xəzər neftçilərindən bəhs edən “Möcüzələr adası” bədii filmini çəkərkən operator işini A.Nərimanbəyova tapşırır. Filmin çəkilişləri mürəkkəb şəraitdə - Xəzərin ortasında vertolyotla aparılır. Film sənət baxımından hadisəyə çevrilməsə də, baxımlı operator işi ilə Azərbaycan kino tarixinə daxil olub”.
   A.Nərimanbəyov kinorejissor E.Quliyevlə üç filmdə işləyib. Onun sənətini yüksək qiymətləndirən rejissor müsahibələrinin birində deyib: “Arif Nərimanbəyovun incə zövqü var. Dramaturgiyanı da dərindən başa düşür”. Operatorun yaradıcılığını klassik məktəbə aid edən E.Quliyev qeyd edib ki, onun kamerası statik təsir bağışlasa da, o, daxili gərginliyə daha çox diqqət yetirir.
   “O qızı tapın” filmində quruluşçu operator işini yerinə yetirən A.Nərimanbəyov yüksək sənətkarlıqla hadisələrin mahiyyətinə uyğun çəkilişlər aparıb. “Həyat bizi sınayır”, “Var olun, qızlar”, “Ömrün səhifələri”, “Onun bəlalı sevgisi” də onun professionallıqla lentə köçürdüyü filmlərdəndir. 
   A.Nərimanbəyov 16 may 1992-ci ildə vəfat edib.
   
   Savalan Fərəcov