Ankarada növbəti beynəlxalq tələbə məzuniyyət törəni keçirildi
   
   Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumu (YTB) ənənəvi beynəlxalq tələbə məzuniyyət tədbirini keçirdi. Tədbirdə Türkiyə Baş nazirinin müavini Tuğrul Türkeş, ölkənin təhsil naziri İsmət Yılmaz, YTB-nin sədri Mehmet Köşə, media nümayəndələri, tələbələr iştirak edirdi. 
   İ.Yılmaz öz çıxışında YTB-nin beynəlxalq tələbə proqramları ilə yeni Türkiyə baxışının formalaşmasına, iqtisadi və sosial əlaqələrin təsis edilməsinə töhfə verdiyini diqqətə çatdırdı: “Bu günə qədər Türkiyədə 160 ölkədən 60 min tələbəmiz olub. Dünyanın dörd bir yanından könüllü elçilərimiz olan Türkiyə təqaüdlüsü tələbələrimiz ilə dostluq körpüləri qururuq”. 
   İnkişafın təməlinin təhsil olduğunu qeyd edən nazir, "bu tələbələr həmin körpüləri atan memarlar olacaq. Bəşəri sərmayə güclü olarsa, ölkəmiz də güclü olar”, - deyə vurğuladı. 
   Tuğrul Türkeş üzünü tələbələrə tutaraq bildirdi ki, Türkiyə təqaüdləri sizin karyera planlarınızla yanaşı, həm də ölkələrinizin ehtiyaclarını da göz önünə alıb və sizlərə də bu istiqamətdə dəstək verib: “Sizlərin də, aldığınız təhsilin nəticəsində, ölkələrinizə geriyə dönərək orada ehtiyac olan sahələrdə yetişmiş insanlar kimi ən gözəl şəkildə xidmət etməyinizi arzu edirik”.
   Baş nazirin müavini əcnəbi tələbələrin Türkiyədə təhsil almaqla yanaşı, türk dilini də gözəl öyrəndiklərini dedi, türk dilinin getdikcə dünyada təsirinin artdığını bildirdi: “Hazırda 160 ölkəyə yayılan Türkiyə məzunları böyük bir ailədir. Öz imkanları ilə fərqli proqramlar çərçivəsində Türkiyədə təhsil alıb bu il məzun olaraq ölkələrinə qayıdan tələbələrin sayı 7500-dən çoxdur”.
   Tədbirdə müxtəlif ölkələrdən gənc məzunlar Türkiyədə təhsil aldığı illərdə onlarda formalaşan təəssüratlarını dilə gətirdilər. Məzunların ifasında şeir parçaları səsləndirildi. 
   Sonra Tuğrul Türkeş və İsmət Yılmaz təhsillərini yüksək dərəcə ilə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim etdilər. 
   
   Mehparə Sultanova
   Ankara