“İlin ən yaxşı kitabxanası” müsabiqəsi kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında 3 istiqamətdə - “İlin ən yaxşı Mərkəzi kitabxanası”, “İlin ən yaxşı Uşaq şöbəsi” və “İlin ən yaxşı kitabxana filialı” nominasiyaları üzrə keçirilir.
   
   Müsabiqədə iştirakın irəli sürülməsi və tələb olunan sənədlər
   
   “İlin ən yaxşı Mərkəzi kitabxanası” nominasiyasında iştirak üçün MKS-nin direktoru, “İlin ən yaxşı Uşaq şöbəsi” və “İlin ən yaxşı kitabxana filialı” nominasiyalarında iştirak üçün isə şöbə və filial müdirləri tərəfindən Müsabiqə Komissiyasına təqdimat verilməlidir. Təqdimatda müəssisənin adı, əlaqə vasitələri mütləq qeyd olunmalıdır.
   
   Təqdimata əlavə edilir:
   
 *  Kitabxananın 2017-ci il üzrə yarımillik fəaliyyəti barədə maksimum 5 səhifə həcmində arayış (Səhifə A4 formatında, şrift “Arial”, sətirlər arası interval 1, faylın maksimum ümumi həcmi 3 mb-dan çox olmamaqla). Arayışda göstərilən tədbirlərə, həyata keçirilən layihələrə dair təsdiqedici sənədlər və fotoşəkillər (maksimum 5 ədəd fotoşəkil). 
  * İlin ikinci hissəsi üçün kitabxana tərəfindən həyata keçiriləcək və əvvəl tətbiq edilməmiş layihə təklifi.
  * Kitabxana əməkdaşları tərəfindən Vikipediyanın Azərbaycan dili bölməsində milli-mədəni irsimizə dair yaradılmış məqalənin linki.
   
   Hər bir mərkəzləşdirilmiş kitabxana sistemi yalnız bir nominasiya üzrə təqdimat verə bilər.
    
   Müsabiqə nominasiyaları üzrə layihələr üçün xüsusi tələblər
   
 *  “İlin ən yaxşı Mərkəzi kitabxanası” nominasiyası üzrə - kitabxana mütəxəssislərinin peşəkar və yaradıcı potensialının inkişafına kömək edən sosiomədəni layihələr.
 *  “İlin ən yaxşı Uşaq şöbəsi” nominasiyası üzrə - uşaqların intellektual, mənəvi inkişafına kömək edən, onlara mütaliə vərdişləri aşılayan və bu istiqamətdə adekvat ailə mühitinin formalaşdırılmasına dair layihələr.
 *  “İlin ən yaxşı kitabxana filialı” nominasiyası üzrə - oxucuların mütaliəyə marağının artırılması istiqamətində həvəsləndirici layihələr.
   
   Mükafat:
   
   Hər bir nominasiya üzrə qalib kitabxana 500 (beş yüz) manat pul mükafatı və xüsusi diplomla təltif olunacaqdır.
   
   Müsabiqənin müddəti:
   
   Müsabiqəyə sənədlərin qəbulu 1 sentyabr 2017-ci il tarixdə sona çatacaqdır.
   
   İştirakçılar sənədlərini e-mail vasitəsilə (nrtis@mct.gov.az) və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Kitab dövriyyəsi sektoruna (Hökumət evi, 3-cü mərtəbə, 322-ci otaq, tel.: 012 493 23 77) təqdim edə bilərlər.
   
   Müsabiqə barədə əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

  http://www.azlibnet.az/pdf/bestlib.pdf