İyunun 7-9-da Parisdə Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının konfransı keçirilib. Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova tədbirdə iştirak edib.
   Konfransa dünyanın müxtəlif muzeylərinin rəhbər və mütəxəssisləri qatılıb. Tədbir çərçivəsində fərqli mövzularda diskussiyalar aparılıb, strateji istiqamətlər və İCOM-a üzvlük məsələləri müzakirə edilib. 
   İCOM-un baş direktoru Piter Keller açılış mərasimində çıxış edərək bildirib ki, budəfəki konfransda muzeylərin müasir tendensiyalarla fəaliyyəti, birgə əməkdaşlıq, beynəlxalq əlaqələr və milli komitələrlə əməkdaşlıq mövzularına geniş yer ayrılıb. Tədbir zamanı növbəti ilin iş planı təsdiqlənib. 
   Həmçinin Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının növbəti konfransının 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçirilməsinə dair qərar qəbul edilib. 
   
   Lalə Azəri