Ən yaxşı kişi roluna görə üç dəfə "Oskar" mükafatına layiq görülmüş tək aktyor, ingiltərəli Daniel Dey-Lyuis kino karyerasını bitirmək niyyətindədir.
Aktyorun nümayəndəsinin sözlərinə görə, 60 yaşlı Dey-Lyuis daha kinoya çəkilməyəcək.
“O, uzun illər ərzində birgə çalışdığı bütün həmkarlarına və tamaşaçılarına minnətdardır. Bu, aktyorun şəxsi qərarıdır və nə o, nə də onun nümayəndələri bu məsələ ilə bağlı heç bir əlavə şərh verməyəcək”, - deyə aktyorun nümayəndəsi Lesli Dart bildirib.
Öz növbəsində Dey-Lyuis özü kinodan gedişinin səbəblərini açıqlamayıb.
Aktyorun ən məşhur filmlərindən «Mənim sol ayağım» (1989), «Neft» (2007) və «Linkoln» (2012) ona "Oskar" mükafatı qazandırıb.
Dey-Lyuis sonuncu dəfə Pol Tomas Andersonun "Xəyali sap" filmində çəkilib. Film bu ilin sonunda ekranlara çıxacaq.
Dünya şöhrətli aktyor tənha həyat tərzi sürür və nadir hallarda müsahibələr verir.
İlona