İsmayıl Saryalın ömür yolu “Bakı rüzgarı”nda
İyunun 20-də Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ziyalılar, ədəbiyyatçılar iştirak ediblər.
Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, ədəbiyyatşünas alimlər, professorlar Aqşin Babayev, Bədirxan Əhmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal və digər çıxış edənlər kitab haqqında fikirlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önündə canlanır. Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il bolşevik inqilabının xalqları necə bir-birinə qatdığından bəhs edən əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
Kitabı türk dilindən dilimizə Nəriman Əbdülrəhmanlı uyğunlaşdırıb.