Bakıda üçüncü Yoqa festivalı keçirilir
Bakıda Yoqa festivalı başlayıb. Festival Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
Səfirlikdən bildirilib ki, yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu qeyd edib. Yoqa hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarətdir.
Diplomat diqqətə çatdırıb ki, festival çərçivəsində Gəncədə, Sumqayıtın yeni dənizkənarı bulvarında və Suraxanıdakı “Atəşgah mədədi” qoruğunda silsilə tədbirlər keçiriləcək. Bütün tədbirlər ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Yoqa sevərlər, fitnes həvəskarları və təcrübəli şəxslər yoqa seanslarına qoşula bilərlər.