Bu ilin aprel ayında uzun fasilədən sonra yeni konsert proqramını təqdim edən Azərbaycan Dövlət Rəqs Ansamblı səfərə hazırlaşır. Oktyabrın 26-da ansambl Moskvada, Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda "Mənim Azərbaycanım" adlı böyük konsert proqramı ilə çıxış edəcək. 15 milli rəqs nömrəsi və xalq rəqsləri əsasında qurulmuş ilk milli "Koroğlu" baletinin daxil olduğu konsertə Rusiya musiqisevərləri artıq maraq göstərirlər. Rusiyanın teatr və konsert proqramlarına onlayn bilet satışı ilə məşğul olan bigbilet.ru saytında "Mənim Azərbaycanım" konsert proqramına biletlərin satışı başlanılıb. Konsertə dörd ay qalmasına baxmayaraq, biletlərin təxminən dörddə biri artıq satılıb. 
   Rusiya Federasiyasının Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevin rəhbərlik etdiyi ansamblın "Mənim Azərbaycanım" proqramına məşhur milli rəqslərimiz ("Yaylıqla rəqs", "Çayçı", "Tərəkəmə", "Qazağı", "Qaytağı", "Bahar", "Ağ çiçəyim" və s. daxildir. 
   Konsert barədə məlumatı yayan meloman.ru elektron portalı Azərbaycan Dövlət Rəqs Ansamblının tarixi, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, qastrol coğrafiyası haqqında geniş yazı dərc edib. Konsertdə Azərbaycanın zəngin rəqs və musiqi mədəniyyəti ilə yaddaqalan görüşün baş tutacağını vəd edən portal çıxış edəcək solistlərin adını çəkməyi də unutmayıb. 
   Ansamblın bədii rəhbəri Dikalu Muzakayevdən öyrəndik ki, hazırda kollektiv intensiv məşq edir, hazır rəqslərin ifasını cilalamaq üzərində çalışır. 
   
   G.Mirməmməd