Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, istedadlı muğam ustası Qəndab Qabi qızı Quliyeva 2017-ci il iyunun 26-da vəfat edib.
Qəndab Quliyeva 10 avqust 1947-ci ildə Füzuli rayonunun Dilaqarda kəndində kolxozçu ailəsində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb, 1976-1980-ci illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda oxuyub, görkəmli muğam ustadı Vahid Abdullayevin tələbəsi olub.
1982-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının stajor qrupuna qəbul edilib, 1985-ci ildə isə solist vəzifəsinə keçirilib. Q.Quliyeva 2005-ci ilə kimi teatrda çalışıb, teatrın aparıcı solisti olub. Opera tamaşalarında - "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Gülbahar, "Vaqif"də Xanəndə qız rollarında çıxış edib.
Qəndab Quliyeva eyni zamanda muğam və xalq mahnılarının mahir ifaçısı olub. Bir çox muğam dəstgahlarını ustalıqla ifa edib.
1992-ci ildə Qəndab Quliyevaya Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilib.
Müğənni Azərbaycan muğam sənətini İran, İraq, Türkiyə, Mərakeş, Tunis, Əfqanıstan, Yaponiya, Vyetnam, Kanada, Almaniya, Fransa, Avstriya, Finlandiya, Norveç, İsveç, Bolqarıstan, Rusiya və s. ölkələrdə uğurla təmsil edib.
2005-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi olub.
Allah rəhmət eləsin.