İyunun 23-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” tammetrajlı bədii filminin mətbuat nümayəndələri üçün nümayişi keçirildi.
Əvvəlcə “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov çıxış edərək bildirdi ki, kinostudiyada lentə alınan yeni filmlərin təqdimatından əvvəl jurnalistlər üçün qapalı nümayişlər keçiriləcək. Bu təşəbbüs kino sənəti haqqında fikirlərin geniş auditoriyaya çatdırılmasına və tamaşaçılara yeni filmlərin tanıdılmasına xidmət edir: “Kinostudiya mətbuat nümayəndələri ilə daha yaxından əməkdaşlığın tərəfdarıdır. Son illərdə çəkilən filmlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün medianın dəstəyinə ehtiyacımız var. Eyni zamanda kino sənayesində problemləri mətbuatla açıq müzakirə etməyə hazırıq. Arzu edirik ki, jurnalistlər yeni filmləri düzgün qiymətləndirsin və Azərbaycan kinosu haqqında ictimaiyyətə obyektiv fikirlər çatdırılsın”.
Film haqqında məlumat verən direktor qeyd etdi ki, ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin geniş təqdimatı iyunun 30-da Nizami Kino Mərkəzində keçiriləcək.
Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş qəhrəman azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdə kəndinə gedən qəhrəman, nəhayət, öz arzusuna çatır - doğma evini ziyarət edə bilir...
Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə əsas rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırırlar.
Lalə Azəri