İyunun 28-də Xaricdə Yaşayan Türklər və Qohum Topluluqları Başqanlığı (YTB) Türkiyədə təhsil alan təqaüdlü tələbələrin iştirakı ilə Ankarada Ramazan bayramı münasibətilə tədbir keçirdi.
Tədbirdə çıxış edən YTB başqanının müavini Hüseyn Gündoğar Ankaranın müxtəlif universitetlərində təhsil alan əcnəbi tələbələri bayram münasibətilə təbrik etdi: “Biz mümkün olduqca tələbələrlə bir araya gəlməyə çalışırıq. Ramazan ayı boyunca iftar proqramlarına qatılmışıq. Bu il isə Ankaranın Hamamönü bölgəsində YTB-nin Türkiyə təqaüdləri ofisini də quraraq ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə əlaqələrimizi daha da dərinləşdirdik, onları yaxından tanımaq imkanına sahib olduq”.
Hüseyn Gündoğar tədbirə qatılan tələbələrin simasında müxtəlif ölkələrə Ramazan təbriklərini çatdırdı, “O cümlədən qardaş Azərbaycan xalqının da bayramını dönə-dönə təbrik edirəm. Hər iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün böyük uğurlar diləyirəm”, - dedi.
Tələbələr isə Türkiyədəki bayramları çox sevdiklərini, Ramazan bayramının da çox böyük coşqu ilə keçdiyini bildirdilər.
Mehparə Sultanova
Ankara