Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid 20-dən artıq qadın və kişi geyim dəsti sərgilənir
   
   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 4-də “Azərbaycan milli geyimləri olduğu kimi” adlı sərginin açılışı olub.
   Sərgidə XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq qadın və kişi geyim dəsti, 70-dən artıq unikal rəsm və fotoşəkil yer alıb. Milli geyim nümunələri Azərbaycanın, Gürcüstanın, İranın muzey və kolleksiyalarında aparılmış tədqiqatlar nəticəsində bərpa edilib. Nümayiş olunan materiallar muzey tərəfindən nəşr edilmiş kataloqda əksini tapıb. Nəfis tərtibatlı, rəngli kataloqda müxtəlif geyim növləri, aksesuarları təqdim edilir.
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi qloballaşan dünyada Azərbaycan türk-müsəlman mədəniyyətinin qorunub saxlanılmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir. N.Vəlixanlı qeyd edib ki, son illərdə milli geyim mədəniyyətimizdə özfəaliyyət xarakteri daşıyan dəyişiklik və təhriflər əsl həqiqətin ortaya qoyulması ehtiyacını doğurub. 
   Sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid geyim növlərinin norma və qaydaları müəyyənləşdirilib, onların əsasında milli geyim standartları tərtib edilib.
   S.Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, milli geyim standartlarına uyğun olaraq ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilib.
   Sərginin kuratoru, muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov mədəni irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında danışıb.
   Sonda Azərbaycan milli geyimlərinin öyrənilməsinə və təbliğinə töhfə verənlərə, sərgidə təqdim edilən geyimlərin hazırlanmasına, eləcə də tədbirin təşkilinə maddi və mənəvi dəstək göstərənlərə təşəkkürnamələr təqdim olunub.
   Sərgi oktyabrın 1-dək davam edəcək.