Prezident İlham Əliyev iyulun 11-də Azərbaycanın ilk qadın opera müğənnisi Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
   Sərəncamda vurğulanır ki, SSRİ Xalq artisti, professor Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.
   Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.