Sankt-Peterburq telekanalında ölkəmiz haqqında verilişlər 
   
   Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə “Sankt-Peterburq” televiziya kanalında Azərbaycan haqqında verilişlərin yayımı davam edir.   
   “Azərbaycana aparan yol” layihəsinin ikinci verilişi iyulun 9-da yayımlanıb.
   Verilişdə “Bakı əsrlərin aynasında” sənədli filmi nümayiş olunub. “Salnamə” studiyasında çəkilmiş film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
   Rusiyalı rejissor Natalya Zavoznenkonun Sergey Şaçinin ssenarisi əsasında çəkdiyi filmdə Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edir, tamaşaçılar ölkəmiz, Bakı və Abşeron haqqında məlumatları onların dilindən eşidirlər.
   Verilişdə Azərbaycanın adət-ənənələri, mədəniyyəti, zəngin mətbəxi, tarixi abidə və məkanları - Atəşgah məbədi, Qız qalası, İçərişəhər haqqında ətraflı məlumat verilib. Milli dəyərlərimizdən söhbət açılan verilişdə diqqətə çatdırılıb ki, UNESCO-nun siyahılarına salınan qiymətli arxeoloji, mədəni, mənəvi örnəklər dünyada Azərbaycanın eşidilən səsinə çevrilib, muğam, xalçaçılıq və aşıq sənəti, Qobustan möcüzələri insanların qəlbini ovsunlayır.
   Rusiyalı tamaşaçılara Azərbaycandakı tolerantlıq ənənələrindən danışılıb, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bildirilib.
   Verilişdə, həmçinin Bakının qədim və müasir arxitekturasından, “Ağ şəhər” layihəsindən, görkəmli rəssam Tahir Salahovun İçərişəhərdəki ev-muzeyindən söhbət açılıb, “Baku Crystal Hall”, Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı, “Alov qüllələri” kompleksi haqqında geniş məlumat verilib.