İyulun 28-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün beynəlxalq elmi-praktik seminar” keçirəcək. Mərkəzdən bildirilib ki, tədbirin keçirilməsində məqsəd beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, mədəniyyət mərkəzlərində maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
Elmi-praktik seminarda Belarus, Qazaxıstan və Türkiyənin mədəniyyət müəssisələrinin mütəxəssisləri, Bakı şəhəri və regionlardakı mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak edəcəklər. Tədbirdə Bakıdakı Yunus Əmrə İnstitutu və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Seminarda məruzələr dinləniləcək, “Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazasının təqdimatı olacaq. Bədii hissədə İvanovka folklor və Xaçmaz Xalq teatr kollektivlərinin iştirakı ilə tamaşaların nümayişi nəzərdə tutulur.