İyulun 14-də C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kinooperator Yuri Varnovskinin anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.
   Tədbirdə çıxış edən “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov bildirib ki, Yuri Varnovski 50 ilə yaxındır ki, milli kinomuzun xidmətindədir. O, “Şirbalanın məhəbbəti”, “Yarasa”, “Nə gözəldir bu dünya”, “Hacı Qara”, “Kuklalar”, “Yaddaş”, “Dərvişin qeydləri” və s. tammetrajlı bədii filmlərin, “Debüt” studiyasının istehsalı olan “Pirverdinin xoruzu”, “Eliza”, “Keçmişdən gələn zəng” qısametrajlı bədii filmlərin quruluşçu operatorudur. Həmçinin bir sıra sənədli film, “Mozalan” kinojurnalı üçün süjetlər çəkib, “Bakı gecələri” kinoalmanaxının quruluşçu operatoru olub.
   Vurğulanıb ki, öz peşəsini sevən, film istehsalı prosesini dərindən bilən, yüksək peşəkarlığı ilə seçilən Yuri Varnovskinin savadı, intellektual səviyyəsi, rejissorlarla ünsiyyət yarada bilmək bacarığı onu hamıya sevdirir. Onun yaradıcılıq yolu gənclər üçün bir örnəkdir.
   Diqqətə çatdırılıb ki, Azərbaycan kinosunda ilk sualtı çəkiliş aparan operator da məhz Y.Varnovski olub. Kinooperatorun xidmətləri layiqincə qiymətləndirilib, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
   Tədbirdə çıxış edən sənət dostları yubilyarı təbrik edib, milli kinonun inkişafı naminə gördüyü işlərdə ona yeni uğurlar arzulayıblar. 
   
   Lalə Azəri