Qaradağ rayonunun Sahil qəsəbəsindəki 9 nömrəli xüsusi internat məktəbində QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin reallaşdırdığı layihə çərçivəsində aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib.
İctimai birliyin sədri Məlahət Abbasova layihə barədə məlumat verib. Bildirib ki, aprelin 15-dən iyulun 15-dək davam edən kursların məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir.
Layihənin koordinatoru Vüqar Hacıyev deyib ki, layihəyə 50 nəfər gənc müraciət edib. Kursun sonunda onların bilik və bacarıqları yoxlanılıb və 38 gənc imtahandan uğurla keçib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elgün Səfərov, təlimçi aşpaz Məleykə Salahova və digər çıxış edənlər layihənin əhəmiyyətini qeyd ediblər. Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, iştirakçılar aşpazlıq kursları müddətində kulinar Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər.