Bu yaxınlarda Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Üçüncü günün adamı” bədii filmi haqqında mətbuatda müxtəlif fikir və rəylər yer aldı. Qarabağ müharibəsi mövzusunda ekranlaşdırılan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. 
   Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
   
   Kinoya kimi gözü ilə, 
   kimisi də ruhuyla baxır...
   
   Qarabağ mövzusu xalqımız üçün həssas mövzudur. Buna görə də bu mövzuda çəkilən hər bir film xüsusi maraqla qarşılanır. Bu günə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən istər sənədli, istərsə də bədii filmlər həm mətbuat nümayəndələri, həm də tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Təqdim edilən bu filmlərdə hər zaman tərəflərin fikir ayrılığına rast gəlmişik. 
   “Üçüncü günün adamı” filmi isə bəlkə də son dövrdə yaşanan həssas, duyğulu bir hadisəni özündə əks etdirirdi deyə daha çox reaksiya doğurdu. Buna digər səbəb isə rejissorun qonşu ölkədən olması idi. Burada bir sənət adamının fikrini yada salıram. İnsanlar filmə, yaxud tamaşaya müxtəlif cür baxır. Kimi gözüylə, kimi ruhuyla, maraqlarıyla, kimi iddiaları ilə, kimi də başqalarının gözüylə... 
   Yeni ekran əsəri haqqında formalaşan fikirlərin də məhz belə yarandığını düşünürəm. Ola bilsin ki, film gözlənildiyi kimi alınmayıb. Bəlkə də çəkiliş prosesindən əvvəl rejissorun fikirlərini öyrəndiyim üçün həmkarlarımdan fərqli olaraq mənim yanaşmam bir qədər fərqlidir. 
   
   Taleyin amansız 
   zarafatları
   
   Filmdə Sadiqlə (Hikmət Rəhimov) İntiqam (Rasim Cəfər) doğulduqları, indi işğal altında olan torpaqlara getməyi qərara alırlar. Gizli yollarla, minalarla dolu yolu keçmək, təbii ki, çətin və təhlükəlidir. Amma İntiqam ilin hansı aylarında, hansı saatlarda qoşunların təmas xəttini keçməyin mümkünlüyünü dəqiq bilir. Buna baxmayaraq, hər an düşmən gülləsinə tuş gəlmək riski də böyükdür. Unutmayaq ki, qəhrəmanlarımızın real həyatdakı prototipləri 2014-cü ildə işğal altında olan Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. 
   Bu həyəcanlı səfərdə Sadiqi keçmişi tərk etmir. O, Əfqanıstanda döyüşüb, orada əsir düşüb, vətənə qayıtdıqda nişanlısının başqasıyla evləndiyini öyrənib. Onu keçmiş nişanlısının ərini öldürməkdə ittiham edir və 17 il həbs verirlər. Biz qəhrəmanı həbsdən çıxandan sonra görürük. Həbsxanada keçən uzun illər, anasının taleyindən bixəbərlik, illərdir edib-etmədiyi özünə də aydın olmayan cinayət... Sadiq üçün əslində bu səfər, müqəddəs torpaqlara getmək bir növ katarsisdir, özünəqayıdışıdır. O, bu ağır səfər boyunca daim keçmiş haqqında düşünür, onu saf-çürük edir və film boyu yaradıcı heyət tərəfindən tamaşaçıya səfərin əsas missiyası keçidlərlə çatdırılır. Sadiqin yol yoldaşı İntiqam Moskva bazarlarında alverlə məşğuldur. Özünün də dediyi kimi, vaxtilə böyük ev-eşikləri, həyət-bacaları olub. İndi isə 10 nəfərlə Moskvada darısqal bir mənzildə yaşayır. 
   Filmdə sadəcə olaraq öz taleyinin arxasınca gedən insan və ona yoldaşlıq edən biri təsvir edilib. Dünyaya tək gələn bu insan (Sadiq) elə filmin sonunda da tək qalır. Çünki film boyu müşahidə etdiyimiz kimi, xaraktercə daha çevik, daha optimist olan İntiqam səfəri tamamlayıb Moskva bazarına qayıdır... 
   Adi tamaşaçı bu filmdə nə görə bilir? Gözəl operator işi, səs və işıq effektləri, ssenariyə uyğun musiqi və müharibə mövzusunda döyüş səhnələri olmayan bir film. Müharibə səhnələri olmasa da, tamaşaçı onun ağrı-acısını tam aydınlığı ilə görə bilir. Kino sənəti də bir siyasətdir və dünyaya həqiqəti çatdırmaq üçün gözəl vasitədir. Bu vasitədən hər bir rejissor öz baxışı, öz qabiliyyəti qədər istifadə edir. Rejissor da bu filmdə müharibəyə Qərb deyil, məhz Şərq təfəkkürü ilə yanaşıb. Filmi tənqid edənlər nədənsə müsbət tərəfləri heç görmək istəmirlər...
   Filmdə bir həqiqət var. Həqiqəti qəbul etməyi isə çox adam bacarmır. Evinə qayıtmaq istəyirsənsə qayıt, əgər qəlbin, duyğuların bunun əksini deyirsə, qala da bilərsən. Sadiq İntiqamla getmək qərarı verəndə xəyalına qol açıb ona doğru gələn anası və sevgilisi gəlir. Yəni vətən anadır, sevgilidir. Onu qoyub getmək olmaz. Görkəmli şair Abbas Səhhət demişkən, "Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub".
   Qeyd edim ki, filmdə atası erməni, anası azərbaycanlı qızla - Mərcanla (Mətanət Abbas) tanışlıq səhnəsi, erməni komandirinin obrazı da ən çox tənqidə məruz qalan məqamlardandır. Hamımız kino tənqidçisi kimi çıxış edə bilərik. Tanınmış kino mütəxəssislərindən birinin sözüdür: “İnsanların iki peşəsi olur. Biri öz sənəti, yəni fotoqraf, aşpaz, həkim və sair, ikinci sənəti isə kino tənqidçisi”. Amma unutmayaq ki, filmin uğurlu və ya uğursuz olmasını zaman göstərəcək. 
   “Azərbaycanfilm” kinostudiyasının tarixində o qədər bəyənilməyən, baxışa buraxılmağa belə layiq bilinməyən filmlər olub ki, bu gün böyük əksəriyyət həmin kino lentlərini sənət nümunəsi hesab edir, maraqla baxır.
   Filmin sonunda Sadiq öz kəndində qalmağı seçir. Rejissor burada demək istəyir ki, nə qədər təhlükəli də olsa, bu mümkündür...
   
   Lalə Azəri