“British Council” təşkilatının Azərbaycan nümayəndəliyi 2015-ci ildən etibarən Avropa Birliyinin “Mədəniyyət və yaradıcılıq proqramı”nın həyata keçirilməsində iştirak edir.
Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə “Film komissiyası” modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. Layihə Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində reallaşdırılır.
“Film komissiyası” modelinin tətbiqi ətrafında ilkin fikir mübadiləsinin aparılması məqsədilə iyulun 26-da Nizami Kino Mərkəzində dəyirmi masa keçiriləcək.
Tədbirdə “British Council”un Azərbaycan üzrə direktoru Elizabet Vayt, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və digər aidiyyəti təsisat rəhbərlərinin iştirakı nəzərdə tutulur.