X sinif tarix dərsliklərində elmi səhvlərə, təhriflərə yol verilib
Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Bununla bağlı AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov kütləvi informasiya vasitələrində gedən ictimai müzakirələri müsbət hal kimi dəyərləndirib: “Bu müzakirələri biz normal hal hesab edirik. Lakin bəzi yazılarda Tarix İnstitutu ilə Təhsil Nazirliyi arasındakı ənənəvi işgüzar münasibətlər üzərinə kölgə salmaq cəhdlərini tamamilə əsassız və qeyri-etik sayırıq. Birmənalı şəkildə bəyan edirik ki, Təhsil Nazirliyi rəhbərliyinin orta məktəblərin keyfiyyətli dərsliklərlə təmin edilməsi sahəsində səylərini yüksək qiymətləndiririk. Tarix İnstitutu və nazirlik arasında əməkdaşlığın bariz nümunəsidir ki, ümumtəhsil məktəblərinin V, VII-IX sinifləri üçün “Azərbaycan tarixi” və VII-IX sinifləri üçün “Ümumi tarix” dərslikləri tarixçi alimlərimizin müəllifliyi ilə nəşr edilib”.
Direktorun sözlərinə görə, Təhsil Nazirliyi bu ilin aprelində Tarix İnstitutuna məktubla müraciət edərək ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri ilə tanış olmağı, təklif və iradlarını bildirməyi xahiş edib: “Bu müraciətə cavab olaraq institutun görkəmli alimləri və dərslik yazılması sahəsində səriştəsi olan mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. İşçi qrup dərsliklərin layihələrini diqqətlə ekspertizadan keçirib və ciddi qüsurlar aşkar edib. Müəyyən edilib ki, dərslik layihələrinin müəllifləri çoxlu sayda plagiat hallarına, elmi səhvlərə, təhriflərə, təkrarlara, orfoqrafiya və üslub xətalarına yol verib. Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib. “Azərbaycan tarixi” dərsliyi xronoloji cəhətdən ən qədim çağlardan XIX əsrin əvvəllərinə, yəni, Azərbaycanın Rusiya və Qacarlar dövlətləri arasında bölüşdürülməsinə qədərki dövrü əhatə etməli olduğu halda, XVIII əsrin sonunda xanlıqların bir qismindən bəhs etməklə yekunlaşdırılıb. Hər iki dərslikdə aşkar edilən nöqsanlar və plagiat faktlar haqqında Təhsil Nazirliyinin rəhbərliyinə Tarix İnstitutunun cavab məktubunda geniş məlumat verilib”.
Akademik Y.Mahmudov bildirib ki, Tarix İnstitutu yüksək keyfiyyətli dərsliklər hazırlanmasını mühüm dövlət əhəmiyyətli strateji vəzifə sayır və bu sahədə əvvəlki kimi Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi çox vacib hesab edir. Nazirlik tarix fənni üzrə növbəti dərslik layihələrinin qiymətləndirmə qruplarının tərkibinə “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin hər biri üzrə Tarix İnstitutundan bir nəfər əməkdaşın ekspert kimi namizədliyinin təqdim edilməsi təklifini irəli sürüb və institutun rəhbərliyi bu təklifi məmnuniyyətlə qəbul edib.