Komissiyanın vəzifələri kino ilə bağlı dövlət və özəl qurumlar arasında əlaqəni, yerli film istehsalçılarının məlumat bazasını təmin etməkdən ibarətdir
   
   İyulun 26-da Nizami Kino Mərkəzində “British Council Azərbaycan”ın təşkilatçılığı ilə “Film komissiyası” modelinin tətbiqi ilə bağlı tədbir keçirildi. 
   “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt layihə haqqında məlumat verərək bildirdi ki, təmsil etdiyi qurum 2015-ci ilin aprel ayından Avropa İttifaqının “Mədəniyyət və yaradıcılıq” proqramını həyata keçirir və proqram 2018-ci ilədək davam edəcək. Layihənin əsas məqsədi müəyyən baza yaradaraq kino sahəsinə dəstək olmaqdır. Film komissiyası xarici kinematoqrafçıları Azərbaycanda film çəkməyə həvəsləndirmək, müvafiq investisiyaların ölkəyə daxil olmasını asanlaşdırmaq, xarici kinematoqrafçılarla yerli kino ictimaiyyəti arasındakı təcrübə mübadiləsini genişləndirmək, regional turizmin inkişafını dəstəkləmək baxımdan imkanlar yaradır. 
   Qeyd olundu ki, komissiyanın yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması işçi qrupun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. 
   Daha sonra çıxış edən Fikrin Bəktaşi Film komissiyasının layihəsi, konsepsiyası, strukturu, statusu, vəzifələri, Avropa İttifaqında film komissiyaları üçün hüquqi əsaslar, prosedur qaydalar, mövcud maliyyə güzəştləri, komissiyanın faydası və digər məsələlər haqqında danışdı. 
   Bildirdi ki, Film komissiyası ilə əlaqədar qısa analitik icmal gələcək illərdə Azərbaycanda fəaliyyət göstərəcək qurumun planlaşdırılması və yaradılması prosesi üçün ilkin addımdır. Prosesin əsas sənədləri komissiyanın yaradılması üçün təklifləri əhatə edən qısa analitik icmaldan və Avropa İttifaqının üzv ölkələri ilə müqayisəli təhlildən ibarətdir. Analitik icmalın nəticələri oktyabr ayında keçiriləcək “Azərbaycan milli mədəniyyət forumu”na təqdim ediləcək və müzakirə olunacaq.
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Film komissiyası” modelinin tətbiqinin müsbət tərəflərindən danışdı. Diqqətə çatdırıldı ki, komissiyanın yaranmasında əsas məqsədlərdən biri də yerlərdə yaradıcılıq və kino sənayesinin mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaratmaqdır: “Biz artıq bir neçə il əvvəl bu layihəni hazırlayıb Milli Məclisə təqdim etmişik. Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan kino sənayesinin dünya kinosunun tələblərinə cavab verməsidir”.
   Qeyd olundu ki, Film komissiyasının vəzifələri dövlətin multimedia və kino siyasətini, dövlət və özəl qurumlar arasında əlaqəni, yerli film istehsalçılarının məlumat bazasını təmin, yerli maddi-mədəni irsi təbliğ etməkdən ibarətdir. Komissiya beynəlxalq festival və tədbirlərdə yerli film istehsalçılarının təbliğini həyata keçirir. Xarici əlaqələrin qurulmasına, sponsor və maliyyə mənbələrinin əldə edilməsində iştirak edir. Beləliklə, komissiyanın fəaliyyəti kino sahəsində yerli mütəxəssislərin təcrübələrinin artırılmasına, çəkiliş məkanlarının yaradılmasına və beynəlxalq təcrübə mübadiləsinin inkişafına müsbət təsir göstərəcək. 
   
   Lalə Azəri