Ukraynanın Dnepropetrovsk vilayətinin mərkəzi olan Dnepr şəhərində “Azərbaycan” parkının açılması məsələsi müzakirə edilib. Bu təklifi Dnepr Şəhər Administrasiyasının rəhbəri Boris Filatov Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə səsləndirib.
Görüşdə B.Filatov şəhərin mərkəzindəki gözəl istirahət guşələrindən birinə “Azərbaycan” adının verilməsi və orada Azərbaycanın tanınmış mütəfəkkirlərindən birinin heykəlinin ucaldılmasına dəstək göstərməyə hazır olduğunu deyib.
Səfir A.Xudiyev administrasiya rəhbərinin təklifini yüksək qiymətləndirərək Azərbaycan tərəfinin bu məsələyə baxacağını bildirib.
Dnepr (2016-cı ilədək Dnepropetrovsk) şəhəri Ukraynanın Kiyev, Xarkov və Odessadan sonra dördüncü böyük şəhəridir.