Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
DİM-dən bildiriblər ki, jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Onlardan 124 nəfərini oğlanlar, 287 nəfərini isə qızlar təşkil edir. Abituriyentlərdən 372-si Azərbaycan, 39-u rus bölməsi üzrə imtahan verəcək.
İmtahan Bakıda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunan mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. İnşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.
İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.
Yazı işi qiymətləndirilən zaman abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazıda ədəbi dilin normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət olunması kimi meyarlar nəzərə alınacaq.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “0” balla qiymətləndiriləcək.
İnşa yazı (esse) 2-4 səhifə (ən azı 300 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (150 sözdən) az həcmdə yazılan inşalar da “0” balla qiymətləndirilir.