Son illər türkdilli ölkələr arasında mədəniyyətin müxtəlif sahələrində əlaqələr genişlənir, qarşılıqlı tədbirlər, layihələr reallaşır. Bu günlərdə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Türk filmləri həftəsi” layihəsi də bu qəbildəndir.
İyulun 21-də başlayan festivalın ilk tədbiri Türkiyənin Qırğızıstandakı səfirliyində baş tutub. Tədbirdə Türkiyə Cümhuriyyəti Prezidentinin baş müşaviri və Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu, Türkiyənin Bişkekdəki səfiri Mətin Kılıc, millət vəkili, Yerli Düşüncə Dərnəyinin başqanı Mətin Gündoğdu və başqaları iştirak edib.
Qeyd edək ki, Çingiz Aytmatovun övladlarının da qatıldığı açılış mərasiminə qırğız ictimaiyyəti çox böyük maraq göstərib.
Konfransda çıxış edən Yalçın Topçu film həftəsi çərçivəsində Türkiyə kinematoqrafçılarının beş ekran əsərinin nümayiş olunacağını deyib: “Ümidvaram ki, bu sənət əsərləri türk-qırğız qardaşlığımızın möhkəmlənməsinə səbəb olacaq”.
Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Tügolbay Kazakov isə türk kinosunun və teleseriallarının dünya səviyyəsində əldə etdiyi müvəffəqiyyətlə qürur duyduqlarını bildirib.
Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəstəyi, TİKA-nın iştirakı, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə baş tutan film həftəsi iyulun 25-dək davam edib.