2 avqust Azərbaycan kinosunun yarandığı gün, ölkəmizin kino işçilərinin peşə bayramıdır. 1898-ci il avqustun 2-də Bakıda fotoqraf və kinooperator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjetin (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) ilk kütləvi nümayişi ilə Azərbaycanda kino tarixinin əsası qoyulub. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
Əlamətdar gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində təntənəli mərasimlə qeyd olunacaq. Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalacaq.
Tədbirdə kinorejissor İlqar Nəcəfin “Nar bağı” bədii filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən ekran əsəri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Film ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl hər kəsdən gizli tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının yaddaşındadır və unudulmayıb...
Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Qeyd edək ki, “Nar bağı” bədii filmi artıq bir neçə beynəlxalq festivala dəvət alıb. Bu günlərdə də ekran əsəri Astanada 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafat qazanıb. Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film özü isə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Kino günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup kino xadiminin Prezident təqaüdünə və fəxri adlara layiq görülməsi barədə sərəncamlar imzalayıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da ənənəvi olaraq kino xadimlərinin mükafatlandırılması ilə bağlı qərarını elan edib.
İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, mükafatlar iki kateqoriya üzrə - yubilyarlara və veteranlara təqdim olunacaq.
Yubilyarlar - Xalq artisti Yalçın Əfəndiyev 80 illik, Xalq rəssamı Rafiq Nəsirov, əməkdar incəsənət xadimləri Rafael Qəmbərov, Amin Novruzov və Ənvər Əbluç 70 illik yubileyləri münasibətilə, həmçinin veteranlar - əməkdar mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Miroslava İsgəndərova, Pərviz Quliyev, Rəfiqə Budaqlı, Akif Rüstəmov, Vladimir Dudniçenko, Natalya Şneyer və əməkdar incəsənət xadimi Oqtay Babazadə pul mükafatına layiq görülüblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı builki “Milli kino mükafatı” sahibinin də adını açıqlayıb. Azərbaycan kinosuna verdiyi töhfələrə görə mükafata Xalq artisti, kinorejissor Vaqif Mustafayev layiq görülüb. Mükafat Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə təqdim ediləcək.