Yerli və əcnəbi turistlərin hər zaman böyük maraq göstərdikləri Şəkidə sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri və regionun milli adət-ənənələri ilə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlər, layihələr reallaşdırılır.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin və Şəki rayonunun Daşüz qəsəbəsində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun tarixindən etibarən turistləri daha çox maraqlandıran tarixi məkanda, XVIII əsrin yadigarı olan Qala divarları ərazisində atlarla gəzinti təşkil olunur. Bu məqsədlə Respublika Atçılıq Turizm Mərkəzindən xüsusi təlim görmüş atlar gətirilib.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirovun rəhbərliyi ilə təlimatçılar Maşallah Namazov və Teymur Niftəliyev tərəfindən Son və Sani ləqəbli atlarla turistlərə nümunəvi xidmətlər göstərilir.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalovanın qeyd etdiyinə görə, azyaşlı uşaqlar və yeniyetmələr at minməyə, atla təmasda olmağa daha meyillidir və bu hal təqdirəlayiqdir. Sədaqət rəmzi hesab olunan atlarla qısa müddətdə olsa belə yaxınlıq etmək uşaqlarda heyvansevərliyi, heyvanlara, canlı aləmə marağı daha da artırır ki, bu da onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətlidir.
Turistlərə göstərilən xidmətlərin bir növü olaraq atlarla gəzintilərin avqust ayının sonunadək davam etdiriləcəyi nəzərdə tutulub.
Yusif Rəhimov
Şəki