Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) tərəfindən həyata keçirilən "Türkiyə stajları" proqramının ikinci mərhələsi Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlunun iştirakı ilə keçirilən mərasimlə başladı. Proqramın ikinci mərhələsində də xaricdə yaşayan və ali təhsil alan gənclər Türkiyənin müxtəlif təşkilat və qurumlarında staj keçmək imkanı əldə edəcəklər. 
   Mərasimdə gənclərə müraciət edən Hakan Çavuşoğlu proqram vasitəsilə gənclərin birlik, bərabərlik duyğusu içində Türkiyəni yaxından tanıma fürsəti qazana biləcəklərinə diqqət çəkdi.
   Tələbələr staj proqramı ilə yanaşı, Türkiyənin tarixi, diaspor şüuru və strategiyası, Türkiyənin xarici siyasəti, natiqlik və s. mövzularda təlimlər, seminarlar da keçəcəklər. Bununla birlikdə mədəni gəzintilər, ictimai qurumları ziyarət və bədii fəaliyyətlər də proqrama daxildir. 
   Xaricdə yaşayan vətəndaşların problemlərinin, hüquq və mənfəətlərini qorunmasının Türkiyə xarici siyasətinin prioritetləri arasında olduğunu ifadə edən Çavuşoğlu gənclərin olduqları ölkələrdə nüfuzlu ictimai mövqelər əldə etmələrinin əhəmiyyətini xüsusi vurğuladı. Baş nazirin müavini ümidvar olduğunu bildirdi ki, “Türkiyə stajları” proqramı Türkiyə xaricində yaşayan vətəndaşların təhsillərinə fərqli vizyon qazandıracaq və onların peşə seçimində istiqamətləndirici bir rol oynayacaq.
   Proqramdan sonra H.Çavuşoğlu və YTB-nin sədri Mehmet Kose staj proqramına qatılan gənclərlə söhbət etdi.
   
   Mehparə Sultanova
   Ankara