Prezident İlham Əliyev iyulun 31-də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən “küçə reklamı” anlayışı “açıq məkanda reklam” anlayışı ilə əvəzlənir və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun yeni dərəcəsi müəyyənləşir.
“Dövlət rüsumu haqqında” qanuna əsasən indiyə qədər küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün Bakı şəhəri üzrə 70 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50 manat, digər regionlar 35 manat tələb edilib.
Bundan sonra açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün 5 manatdan - 100 manatadək dövlət rüsumu tələb olunacaq. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödəniləcək. Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilməyəcək.
Qeyd edək ki, iyunun 20-də ölkə başçısı Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini bu qurum həyata keçirəcək. Dövlət Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.