2017-ci ilin birinci yarısında Naftalan sanatoriyalarına gələn yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olub. İlin altı ayında Naftalanın turizm obyektlərində 9,5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-dək xarici ölkədən gələn turistlərdir.
Bu statistika Naftalan Şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş toplantıda səslənib.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, son illər Naftalanın beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi məqsədilə kompleks işlər həyata keçirilib, şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işləri görülüb. Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilib. Rusiyanın “TurStat” analitik agentliyinin apardığı sorğuya əsasən, Naftalan postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort şəhəri sayılıb.
Vurğulanıb ki, ölkə başçısının xarici bazarların və ixrac imkanlarının araşdırılması barədə müvafiq tapşırıqlarının icrası çərçivəsində yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi altında ixracı şəhər iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək.