“Euronews” telekanalında milli mətbəximizin daha bir nümunəsi haqqında süjet yayımlanıb
   
   Bütün dünyada geniş tamaşaçı auditoriyası olan “Euronews” televiziya kanalının “Taste” proqramının növbəti süjeti Azərbaycan qutabına həsr edilib.   
   Telekanalın müxbiri Klaudio Rosmino süjetdə Azərbaycan mətbəxinin zənginliyindən, süfrəyə düzülən nemətlərin ölkənin təbii və iqlim müxtəlifliyini əks etdirməsindən danışıb. Süjetdə Bakıdakı restoranlardan birinin meneceri Elşad Tağıyevin telekanala müsahibəsi və qutab haqqında söylədikləri də əksini tapıb: “Qutab Azərbaycanın qədim yeməklərindən biridir. Məsələn, biz onun içinə göyərti qoyur, üstünə sous çəkirik. Biz ədviyyatlı, alçalı və nar qutabları təklif edirik. Bunlar sousa xüsusi dad və ətir verir”.
   E.Tağıyevin sözlərinə görə, qədim zamanlarda insanlar çörək bişirərkən artıq qalan xəmirdən istifadə etmək yolunu fikirləşiblər və nəticədə dadlı qutablar hazırlanıb.
   Süjetin müəllifi qeyd edir ki, Azərbaycanın hər rayonunda qutabın öz resepti və hazırlanma sirləri var. Məsələn, Xəzərin sahilində Corat qutabları məşhurdur. Onun içinə dəvə əti, pendir, balqabaq qoyulur. Corat qutabları kiçik olur və sobada açıq odun üstündə qızardılır.