Bulvarda və İçərişəhərdə incəsənət aksiyası keçiriləcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə 25 avqust tarixində Dənizkənarı Milli Parkın ərazisində (“Saat qülləsi”nin yaxınlığında) və İçərişəhərdə yerləşən “Arts Council” incəsənət platformasında “Öz əsərini yarat” adlı tədbir keçiriləcək.
   Aksiya xarakteri daşıyan tədbir Bakı sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə keçirilir.
   Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərgi keçirilməsi nəzərdə tutulur.