Avqustun 25-də Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Dənizkənarı Bulvar İdarəsinin birgə dəstəyi ilə Dövlət Bayrağı meydanında “Sağlam Azərbaycan Festivalı” keçiriləcək. İlk dəfə keçirilən tədbirin məqsədi yerli əhali və turistlərə sağlam həyat tərzini aşılamaqdır.
Festivalın təşkilatçısı Nigar Məmmədovanın sözlərinə görə, festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat tərzinə çağıran vegetarian mədəniyyəti də təqdim olunacaq. Festival iştirakçıları təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.
Festival üçün Ukraynadan məxsusi dəvət olunan aşpaz Konstantin Stolyarovun bişirdiyi vegetarian yeməkləri və əcnəbi şirniyyatçı qızların hazırladığı təamlar iştirakçılara ağız dadı bəxş edəcək.
Festivalda uşaqlar üçün də zəngin və əyləncəli proqram nəzərdə tutulub. Giriş ödənişsizdir.