Rusiya Federasiyası Tver vilayətinin Vışniy Voloçek şəhərində Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə dahi musiqiçinin adına verilmiş küçənin və sənətkarın barelyefinin açılışı olub.
   Əvəzsiz bariton, milyonlarla dinləyicinin qəlbini fəth edən, yüksək artistizm qabiliyyətinə malik və alicənab musiqiçi. Vışniy Voloçek sakinləri dahi musiqiçi Müslüm Maqomayevi belə xatırlayırlar. Yubiley tədbiri Maqomayevin barelyefi önündə başlayıb.
   Çıxışlarda vurğulanıb ki, bu şəhərdə Müslüm Maqomayevin uşaqlıq illəri keçib. Musiqiçi anası Ayşet Kinjalova ilə bu şəhərə gəlib və bir müddət musiqi məktəbində Valentina Şulqinanın sinfində musiqi təhsili alıb.
   Vışniy Voloçek şəhərinin meri Aleksandr Borisov qeyd edib ki, Müslüm Maqomayevlə həm Azərbaycan, həm də Rusiya fəxr edir, çünki əvəzsiz musiqiçi, hər iki ölkəni öz Vətəni sayırdı. “Bizim üçün bu gün əlamətdar hadisədir. Biz bu gün dahi musiqiçinin anadan olmasının 75 illiyi münasibətilə xatirəsini anırıq. Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi hələ bir neçə il bundan öncə reallaşıb. O zaman biz şəhərin musiqi məktəbində musiqiçinin xatirə lövhəsinin açılışını qeyd etdik. Bu il isə Müslüm Maqomayevin 75 illik yubileyi çərçivəsində biz şəhər sakinlərinin istəyi ilə şəhər Dumasına müraciət ünvanladıq və keçmiş Vajanova küçəsi artıq Müslüm Maqomayev küçəsi adlanır”, - deyə o vurğulayıb.
   Vışniy Voloçek şəhərində yaşayan azərbaycanlılar da bildiriblər ki, Müslüm Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub. Məşhur musiqiçinin Vışniy Voloçek şəhərində ev-muzeyinin yaradılması barədə danışan həmvətənlərimiz bunun yaxın illərdə reallaşacağını vurğulayıblar.
   Daha sonra Müslüm Maqomayevin barelyefi həkk olunan musiqi məktəbinin şagirdləri müğənninin repertuarından mahnılar ifa ediblər.
   Xatirə gecəsində çıxış edən musiqiçinin məktəb yoldaşları qeyd ediblər ki, Müslüm Maqomayevin səsində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o, hər kəsin qəlbində yaşayır və daima bu sevgi yaşayacaqdır.