Mədəniyyət və Turizm Nazirliyində Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukov ilə görüş keçirilib. Serdar Çolukov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində Bakıya səfər edib. Səfər zamanı ikitərəfli sənədlər, o cümlədən “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşdə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
S.Çolukov ölkələrimiz arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnunluğunu bildirib. O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini Türkmənistanda 17-27 sentyabr tarixində keçiriləcək V Asiya Oyunlarına dəvət edib.
Nazim Səmədov turizm sahəsində Azərbaycanda son illərdə görülən işlər haqqında qonağa məlumat verib. O, həmçinin Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif edib.
Sonda Nazim Səmədov Türkmənistan tərəfini 2018-ci ilin aprelində Bakıda keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə dəvət edib.