Avqustun 15-də mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın üzvü Nazim Səmədov Koreya nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətinin tərkibinə Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında, həmçinin iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə təşkil olunacaq tədbirlərlə bağlı Bakıda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndələri daxil idi.
Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin zəngin turizm potensialından istifadə edərək qarşılıqlı turist axının təşviqi məqsədilə birgə addımlar atılmasının əhəmiyyəti qeyd edilib.
İki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə nazirliyin təşkilati dəstəyi ilə keçiriləcək tədbirlər, 17 sentyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan və Koreya nümayəndələrinin iştirakı ilə təşkil olunacaq sərgi, taekvando yarışı, milli mətbəxin təqdimatı və musiqili proqram barədə məlumat verilib.
* * *
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Turlar və Avtomobil Nəqliyyatı Təşkilatı İranda avtomobil nəqliyyatı ilə səyahətlərin təşkilinə və nəqliyyat vasitələrinə müvafiq icazələrin rəsmiləşdirilməsinə cavabdeh qurumdur.
* * *
Avqustun 18-də Mədəniyyət və Turizm Nazirliyində “Expedia” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Nazir müavini Nazim Səmədovla söhbət zamanı ölkəmizin dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlaması, beynəlxalq turizm bazarına inteqrasiya olunması, xarici qonaqların, xüsusən ərəb turistlərinin ölkəmizə səfərlərinin artmasını nəzərə alaraq hotel bronlaşması, aviabilet satışı, kruiz gəmilərinin sifarişi, rent a car və s. xidmətlər göstərən “Expedia” şirkətinin ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduğu diqqətə çatdırılıb.
Nazir müavini qonaqlara “Asan Viza” sistemi, son illərdə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, ölkə başçısı tərəfindən ötən il təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” barədə məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub.