Helen Lloyd: “Bizim seminar bir gün ərzində 25-dək görüş keçirməyə, öz imkanlarınızı turizm operatorlarından gələn təkliflərlə yeniləməyə, yeni tərəfdaşlar tapmağa şərait yaradır”
   
   2018-ci il fevralın 15-də turizm sektorunun müxtəlif sahələrindən aparıcı mütəxəssislər Azərbaycanda 7-ci dəfə keçiriləcək “B2B Luxury & MICE Workshop” seminarında iştirak etmək üçün Bakıya təşrif buyuracaq. Seminarın təşkilatçısı, ofisləri London və Moskvada yerləşən məşhur marketinq və konsaltinq şirkətinin - “TMI Consultancy”nin direktoru Helen Lloyd ilə söhbətimiz bu barədədir.
   
   - Xahiş edirik, öncə “B2B Luxury & MICE Workshop” seminarı və Azərbaycanda bununla nə vaxtdan məşğul olduğunuz barədə məlumat verin.
   - “B2B Luxury & MICE Workshop” seminarı elit turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri üçün eksklüziv bir tədbirdir. Bu birgünlük tədbir çərçivəsində Bakının aparıcı yerli turizm agentlikləri Avropa və Asiya ölkələrindən gələn beynəlxalq tərəfdaşları ilə şəxsi görüşlər keçirir. Beynəlxalq eksponentlərimizin sırasına Azərbaycan bazarında çalışmağa marağı olan və öz ölkəsində və hotellərində Azərbaycan turistlərinin sayını artırmaq istəyən aparıcı elit hotellər və hotel qrupları, səyyar tədbirlərin təşkili ilə məşğul olan şirkətlər, dizayn mağazaları, nəqliyyat şirkətləri və aviaşirkətlər, turizm üzrə milli və regional şuralar daxildir. 
   İlk dəfə biz sözügedən seminarı Qazaxıstanın Almatı şəhərində keçirdik, növbəti il isə buraya Azərbaycanı da əlavə etdik. Beynəlxalq eksponentlərimizə bu iki önəmli bazarda özlərini təmsil etməyə imkan yaradaraq, altı ildir bu seminarı səyyar tədbir kimi Azərbaycanda və Qazaxıstanda keçiririk. 2017-ci ildə biz buraya həmçinin Gürcüstanı da əlavə etdik və hazırda “B2B Luxury & MICE Workshop” seminarları bir həftə içində üç şəhərdə: Almatı, Bakı və Tbilisidə keçirilməkdədir. 
   
   - Bakıda bir çox turizm seminarı keçirilir. “B2B Luxury & MICE Workshop” seminarı onlardan necə fərqlənir?
   - “B2B Luxury & MICE Workshop” seminarında biz eksponentlərə və alıcılara bərabər dərəcədə diqqət göstərməyə çalışırıq. Ona görə də biz yerli şirkətlərin bütün seminar günü ərzində sabit iş məkanı ilə təmin olunduğu yeganə sənaye hadisəsiyik; onlar masaları arxasında oturarkən hər 15 dəqiqədən bir xarici tərəfdaşlarla görüşürlər.
   Bununla yanaşı, biz öncədən planlaşdırılmış görüşlərin daha çox keyfiyyətinə diqqət yetiririk, nəinki kəmiyyətinə. Seminardan qabaq hər il keçirdiyimiz xüsusi bazar tədqiqatına əsaslanaraq alıcılarımızı çox diqqətlə seçirik.
   
   - Azərbaycanda hansı şəkildə işləyirsiniz? Bizə öz komandanız haqqında danışın.
   - Burada çalışdığımız bir çox illər ərzində biz Azərbaycana məhz seminarın keçirildiyi gün deyil, müntəzəm olaraq gəlirik. “B2B Luxury & MICE Workshop” layihəsinin direktoru Mariya Qorbaçova əsas agentliklərlə görüşmək və onlara hər zaman cəlb etməyə çalışdığımız yeni eksponentlər barədə məlumat vermək, onları yeni müştərilərə və təşkil etdiyimiz layihələrə təqdim etmək üçün ildə bir neçə dəfə Bakıya səfər edir. Biz hər zaman seminarlarımızda iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının (AZTA), Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyini yüksək qiymətləndirir və bununla fəxr edirik. Bakıda biz bu seminarları yerli tərəfdaşlarımız Faiq Qürbətov, Emil Nəsibov və Kamran Qədirovla birgə təşkil edirik. Biz həmçinin Qazaxıstanda və Gürcüstanda yerli tərəfdaşlarımızla işləyirik, çünki fəaliyyət göstərdiyimiz hər bir bazarda yüksək səviyyəli peşəkarlarla əməkdaşlıq etmək və onların dəstəyinə arxalanmaq çox vacibdir.
   
   - Sizcə, yerli turizm şirkətləri üçün “B2B Luxury & MICE Workshop” seminarında iştirak etmək imkanı niyə bu qədər önəmlidir?
   - Hamımız bilirik ki, şəxsi münasibətlər və üz-üzə görüşlər hər bir biznesdə, xüsusilə də turizm biznesində çox önəmlidir. Bizim eksponentlər ən eksklüziv və yüksək keyfiyyətli məhsullar təqdim edirlər və onların əksəriyyəti xarici ölkələrdə məskunlaşdığına görə Bakının turizm agentliklərinin bir çoxunun onları müntəzəm olaraq görmək və şəxsən görüşmək imkanı yoxdur. Bizim seminar bir gün ərzində 25-dək görüş keçirməyə, öz imkanlarınızı turizm operatorlarından gələn təkliflərlə yeniləməyə, özümüz üçün yeni istiqamətlər aşkar etməyə və yeni tərəfdaşlar tapmağa şərait yaradır. Bizim eksklüziv qala-gecəmiz yerli alıcıların və beynəlxalq eksponentlərin qeyri-rəsmi mühitdə görüşə və yeni işgüzar əlaqələr qura bilməsini təmin edən əla bir şəbəkə platformasıdır.
   “B2B Luxury & MICE Workshop” seminarı vasitəsilə biz Azərbaycana “Belmond”, “Relaix & Chateau”, “Grecotel”, “Duetorrihotels”, “Forte Village”, “Villa Magna” və s. kimi dünya şöhrətli hotelləri gətiririk. Son bir neçə il ərzində bizim əsas eksponentlərimiz arasında İspaniyanın (ələlxüsus Kataloniyanın), Sinqapurun, Sloveniyanın, Yunanıstanın, İsveçrənin və bir çox maraqlı ölkələrin turizm təmsilçiləri olub. Beynəlxalq eksponentlərimizin coğrafiyası Seyşel adalarından Moskva şəhərinədək, Xorvatiyadan Tailandadək dəyişir. Yalnız öncədən planlaşdırılmış görüşləri nəzərdə tutan seminarımızın unikal formatı tədbirin keçirildiyi gün ərzində iş müddətinizin maksimal dərəcədə uzadılması üçün strukturlaşdırılmış və dinamik bir üsul təqdim edir. Proqramın əlavə hissəsi kimi yerli turizm agentlikləri üçün təqdimatlar keçirmək, həmçinin Bakının agentliklərinin müəyyən istiqamətlərlə daha ətraflı şəkildə tanış ola biləcəkləri digər tədris elementləri təklif etmək üçün biz seminara natiq qonaqlar dəvət edirik. 2018-ci ildə Sloveniya bizim rəsmi tərəfdaş ölkəmiz olacaqdır və bu səbəbdən də Azərbaycan turistləri arasında ildən-ilə populyarlaşan Sloveniya hotellərinə və kurortlarına xüsusi diqqət yetiriləcəkdir. 
   Biz 15 fevral 2018-ci il tarixində “JW Marriott Absheron” hotelində keçiriləcək növbəti “B2B Luxury & MICE Workshop” seminarını səbirsizliklə gözləyirik və beynəlxalq eksponentlərimizdən ibarət yeni heyəti sizin gözəl və rəngarəng şəhərinizə dəvət edəcəyimiz üçün böyük məmnuniyyət hissi duyuruq!