Bu il Dünya turizm günü bu deviz altında qeyd olunacaq
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai 27 sentyabr - Dünya turizm günü münasibətilə ictimaiyyətə müraciət edib.
Dünyanın üçüncü böyük sənaye sahəsi
Baş katibin müraciətində turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır.
Müraciətdə vurğulanır ki, ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. 2017-ci ildə qeyd ediləcək Dünya turizm gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir.
Diqqətə çatdırılır ki, BMT Baş Məclisi 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. Bu bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır.
Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.
Xatırladaq ki, bu il Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçiriləcək.
“Səyahət et. Zövq al. Hörmət et”
Dünya Turizm Təşkilatı “Beynəlxalq davamlı turizm ili” çərçivəsində istehlakçıya yönələn və davamlı turizmin bütövlükdə inkişafa verə biləcəyi töhfələr barədə məlumatlılığın artırılmasını nəzərdə tutan “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasına başlayıb.
Kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.
Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılacaq kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.