Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Mədəniyyət evində “Yarımçıq xatirələr” bədii filmi nümayiş etdirilib.
Əvvəlcə Naxçıvan Dövlət Film Fondunun əməkdaşı Şənhəyat Səfərova çıxış edərək Azərbaycan kinosunun keçdiyi inkişaf yolundan danışıb, müstəqillik illərində çəkilmiş yeni filmlər haqqında məlumat verib.
Bildirilib ki, dövlət sifarişi ilə 2015-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Yarımçıq xatirələr” filminin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir. Ekran əsərində musiqilərin müəllifi görkəmli bəstəkar və müğənni Polad Bülbüloğludur.
Əsas rollarda Bəhruz Yusifoğlu, Qurban İsmayılov, Gülzar Qurbanova və başqaları çəkiliblər. Filmdə belorus, gürcü və rus aktyorları da rol alıblar.
Qeyd edək ki, faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan filmin çəkilişləri Belarusun paytaxtı Minskdə, Brest şəhərində, Vileyka qəsəbəsində və Azərbaycanda aparılıb. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.
Maraqlı döyüş səhnələri və həyat hekayələrinin yer aldığı film rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.