Dünya kinosunda nəsr əsərinin motivləri əsasında lentə alınan, ya da hazır dramaturji materialdan bəhrələnərək çəkilən yüzlərlə filmin adını çəkmək olar. Elə Azərbaycan bədii kinosunun tarixi də mövcud pyes və povestlərin lentə köçürülməsi ilə başlayır. 
   Ötən il 100 yaşı tamam olmuş «Neft və milyonlar səltənətində» filmi İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında lentə alınıb, yenə də ilk səssiz filmlərimizdən sayılan birinci «Arşın mal alan» və onun sonrakı kino həlləri Üzeyir Hacıbəylinin eyniadlı dünya şöhrətli operettasının ekran variantıdır. Maraqlıdır ki, əgər «Neft və milyonlar səltənətində» povesti bitkin süjet xəttinə və aktual mövzusuna baxmayaraq, bir nəsr nümunəsi kimi layiq olduğu qədər şöhrət qazanmadısa (1980-ci ildə bu povest əsasında çəkilən «Qızıl uçurum» filmi isə mükəmməl ekran işi, aktyor oyunu, o zamankı ümumittifaq kino festivallarında uğurları ilə yadda qaldı), Üzeyir bəyin «Arşın mal alan»ı və eləcə də «O olmasın, bu olsun» musiqili komediyaları, çox uğurlu ekran həyatı ilə bərabər, Azərbaycanda, eləcə də yaxın-uzaq xaricdə hər yeni səhnə təqdimatı ilə də həmişə rəğbətlə qarşılanır. 
   
   …Amma dünya kinosu kimi, milli kino tariximizdə də elə nümunələr var ki, onların ekran həyatı daha yaddaqalan və populyar olub, nəinki səhnə ömrü. Bu yazıda elə əsərlərdən birindən bəhs edəcəyik. 
   
   «Bahar» adı ilə səhnəyə çıxan qəhrəmanlar 
   
   1940-cı il oktyabrın 10-da o zamankı M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında gənc tədqiqatçı və yazar Məmmədhüseyn Təhmasibin «Bahar» pyesinin premyerası baş tutdu. Pyesə Ələsgər Şərifov quruluş vermişdi, rəssamı Nüsrət Fətullayev, geyim rəssamı Bədurə Əfqanlı, musiqi müəllifi Səid Rüstəmov idi. Artıq bir neçə il sonra Azərbaycan teatrının sütunları kimi tanınacaq bu yaradıcı heyətin hazırladığı tamaşada əsas rollarda çox istedadlı aktyorlar çıxış edirdilər. Sona Hacıyeva, Barat Şəkinskaya, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, İsmayıl Osmanlı, Abbas Rzayev, Əli Sultanov, Əli Qurbanov, Həsənağa Salayev... Pyes asayiş keşikçilərinin - cinayət axtarışı əməkdaşlarının fəaliyyətindən, uşaq ikən təsir altına düşərək oğrulara qoşulmuş bir gəncin və onun «iş başında» olarkən qarşılaşdığı şahidin - aradan götürmək istəyərkən şikəst etdiyi gənc qızın taleyindən bəhs edirdi. Pyesdə kifayət qədər dramatik məqamlarla zəngin bir süjet xətti izlənirdi. Mərhum teatrşünas İnqilab Kərimovun şahidliyinə görə, bu pyes o zaman heç də birmənalı qarşılanmamışdı. Oğrunun öz qurbanına aşiq olması, üstəlik, qurbanın da bilməyərəkdən ona rəğbətlə yanaşması, müstəntiq qardaşın riskə gedərək canini öz evinə buraxması teatr tənqidçilərini və tamaşaçıları bir qədər çaşdırmışdı. Əsərdə hadisələrin bu sayaq cərəyan etməsini - ingilis kamera detektivi üslubuna yaxınlığını hər şeyi kommunistin əxlaq kodeski ilə nizamlayan kütlə tam «həzm edə» bilmirdi. Bununla belə, teatrın salnaməsini izlədikcə görürük ki, bütün tənqid və çaşqınlıqlara rəğmən, «Bahar» səhnədə müəyyən qədər oynanılıb. 
   Üstəlik, həmin il Moskvada ali təhsilini tamamlayan Mehdi Məmmədov bu pyesi diplom tamaşası olaraq Gəncə teatrında bir qədər fərqli yozumda hazırlayır. Yəqin ki, o zaman gənc rejissorun heç ağlına da gəlmir ki, öz yaradıcılıq həyatında təxminən 18 il sonra bir də «Bahar»la qarşılaşacaq. 
   
   Cavabı birmənalı olmayan sual
   
   Diqqətli oxucu bu yerdə yəqin ki, «Bahar» pyesinin ona hardansa tanış gəldiyi barədə düşünür. Bəli, siz haqlısınız. 1959-cu ildə «Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Onu bağışlamaq olarmı?» filminin ssenarisi məhz «Bahar» pyesinin əsasında yazılıb. Filmin ssenari müəllifi artıq ciddi folklorşünas kimi tanınan, bədii yazıları maraqla qarşılanan Məmmədhüseyn Təhmasib, quruluşçu rejissoru isə görkəmli rejissor və pedaqoq, həm də ssenaristin qardaşı Rza Təhmasibdir. Filmdə əsas rollarda Hökumə Qurbanova (Kəmalə), Manana Abuyeva (Sevda), Mehdi Məmmədov (Qaya - bu, onun kinoda yeganə roludur), Həsənağa Salayev (Qüdrət), Məleykə Ağazadə (Qumru), Ətayə Əliyeva (leytenant Qarayeva) İsmayıl Talıblı (Veysəl Mirzə), Qriqori Tonuns (Tərlan), Veriko Ancaparidze (Ana) çəkiliblər. Maraqlıdır ki, aktrisa Hökumə Qurbanova «Bahar» tamaşasında da, «Onu bağışlamaq olarmı?» filmində də göz həkimi Kəmalə xanım rolunda çıxış edib. 1940-cı ildə hələ tələbə ikən pyesdə Milisioner rolunda səhnəyə çıxmış gənc Həsənağa Salayev filmdə artıq püxtələşmiş müstəntiq Qüdrət rolunda çəkilib. 
   Bu yerdə maraqlı bir nüans diqqəti çəkir. Rza Təhmasib rejissor olaraq, teatr səhnəsində daha uğurlu tipaj yaratmış aktyoru həmin əsərin ekran variantında da eyni rola çəkməyi təqdir edirmiş. Belə ki, onun quruluşçu rejissoru olduğu «Arşın mal alan» (1945) filmində Soltan bəy roluna çəkilən Ələkbər Hüseynzadə teatr səhnəsində bu rolu min (!) dəfədən çox ifa edib. 
   
   Filmin ssenarisində baş qəhrəmanın - gənc bəstəkarın adı da dəyişdirilib. Bahar ismi Sevda ilə əvəz olunub. Qeyd edək ki, digər Azərbaycan yazıçısı Mehdi Hüseyn «Səhər» romanında əsas qadın qəhrəmanlarının birini Sevda (1960-cı ildə bu roman əsasında da eyniadlı film çəkilib) adlandırdıqdan sonra bu ad Azərbaycanda sürətlə populyarlaşır. Zənnimizcə, Sevda adının geniş yayılmasında «Onu bağışlamaq olarmı?» filminin baş qəhrəmanı - istedadlı, mərhəmətli, əzmkar və gözəl Sevdanın da rolu az deyil. 
   
   «Onu bağışlamaq olarmı?» filmi üslub, aktyorların kamera önündə davranışı, hətta danışığı baxımından film estetikasında işlənmiş televiziya teatrı janrına yaxın olsa da, onda məhz filmə xas elementlərin olduğunu dana bilmərik. Tərlan Kəmaləni ikinci dəfə beşbarmaqla vurmaq istəyərkən küçə fənərinin qəfil yanması, onun toy karvanına yol vermək üçün maşını saxladığı məqamda duvaqlı gəlini bir anlıq Sevda kimi görməsi, elektrik qatarında balaca dəcəlin usta cani Şahmarı (Əli Xəlilov) diksindirməsi və onu izləyən leytenant Rəsulovun (Bürcəli Əsgərov) fit səsindən canini gözdən itirmədiyinə arxayın olduğunu sözsüz çatdırması kimi ştrixlər ekran əsərini məhz kino lenti kimi qavramağa sövq edir.
   
   Ssenaridə kino dili üçün xarakterik olmayan uzun cümlələr, aktyorun monumental tamaşa stilində pafoslu danışığı ekran əsərinin dinamikasını azaltsa da, bu film ekranlara çıxdığı zamandan bəri Azərbaycan kinosevərinin təkrar-təkrar baxdığı sevimli lentlərdəndir. 
   «Bahar» tamaşasına görkəmli bəstəkar Səid Rüstəmov musiqi bəstələmişdi. Düzdür, biz həmin musiqini eşitməmişik, baş qəhrəmanı bəstəkar olan tamaşadan hər hansı mahnının populyar olması barədə də bilgimiz yoxdur. Lakin Səid Rüstəmovun ilk yaradıcılıq dövrünə aid bir sıra əsərlərinin qulaq yaddaşımızda səslənişi belə düşünməyə imkan verir ki, «Bahar» pyesində də tamaşaçı gözəl melodiyalar eşidib. 
   
   O ki qaldı «Onu bağışlamaq olarmı?» filminin musiqisinə, bu gün Azərbaycanda böyük bəstəkar Tofiq Quliyevin bu filmə bəstələdiyi istər saundtrek, istər müğənni Qumrunun, istərsə də Sevda ilə Tərlanın mahnıları təxminən altmış ildir ki, öz ömrünü müstəqil davam edir. Təbii ki, mahnıları ifa etmiş Məleykə Ağazadənin (o, Musiqili Teatrın aktrisası olub və «Ulduz» filmində Nazik obrazı ilə daha çox yadda qalıb), Şövkət Ələkbərova və Mirzə Babayevin mükəmməl ifaları həmin mahnıların sevilməsində az rol oynamayıb. 
   
   * * * 
   ...Bəzən hansısa əsərə teatr, televiziya tamaşası, film, hətta serial mövzusu olaraq təkrar müraciət sənətsevərdə özünün də anlamadığı qıcıq doğurur. Lakin qısa səhnə həyatı yaşamış «Bahar»ın ömrünü hələ də baxılan «Onu bağışlamaq olarmı?» filmi kimi davam etməsi, bu filmdən yadigar qalan nəğmələr sübuta yetirir ki, əbədi mövzulara müraciət etməyə dəyər. 
   
   Gülcahan Mirməmməd