Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb. Mətbuat Şurasında keçirilmiş görüşdə Türk dünyası sənədli filmlər festivalı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türk dünyası sənədli filmlər festivalı Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən həyata keçirilən təşəbbüsdür və qurumun rəhbəri M.Dəmir eyni zamanda festivalın Təşkilat komitəsinin sədridir. Mətbuat Şurası və Bakı Dövlət Universiteti isə bu tədbirin Azərbaycan üzrə tərəfdaşlarıdır.
Festivala 7 türk dövlətindən və ayrı-ayrı türk toplumlarından sənədli filmlər qəbul edilib. M.Dəmir məlumat verib ki, bu il sentyabrın 30-da İstanbulda festivala təqdim olunmuş filmlərə baxış keçiriləcək və qaliblərin adları açıqlanacaq. Bundan sonra Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Makedoniyada laureat filmlərin nümayişi reallaşdırılacaq. Azərbaycanda da eyni prosesin oktyabrın 13-14-ü tarixində gerçəkləşdirilməsi nəzərdə tutulur.
Mətbuat Şurasının sədri Ə.Amaşov festivalın önəmindən söz açıb. Bildirib ki, bu ideya dil, din, məişət, adət-ənənə yaxınlığı olan türk toplumlarının bir-birilərinə daha sıx inteqrasiyası baxımından mühüm addımdır və Mətbuat Şurası təşəbbüsə daim dəstək göstərməyə hazırdır.