Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində müxtəlif addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.
Bu günlərdə şirkətin dəstəyi ilə Türkiyənin cnnturk.com və birgun.net portallarında Bakıda yerləşən Miniatür Kitab Muzeyi haqqında geniş məqalə dərc olunub. Bakının bənzərsiz mədəniyyət mərkəzlərindən biri olduğu vurğulanan məqalədə bildirilir ki, dünyanın ilk və yeganə Miniatür Kitab Muzeyi məhz Azərbaycanda, paytaxt Bakıda yerləşir.
Yazıda muzeydə nümayiş olunan kitablar haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycanın dünya şöhrətli fırça ustası Tahir Salahovun bacısı, muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova getdiyi hər ölkədən miniatür kitabları toplamağa başlayıb. Ölkə rəhbərliyinin yaxından dəstəyi nəticəsində Zərifə Salahova miniatur kitab kolleksiyasını muzeyə çevirə bilib.
Muzeydə 66 ölkədən kitablar sərgilənir. Burada ən kiçik nəşr ölçüləri 0,75x0,75 millimetr olan “Dörd mövsüm çiçəkləri” kitabıdır. Kitab Yaponiyada “Toppan” nəşriyyatında çapdan çıxıb. İki səhifəlik bu kitabı ancaq xüsusi mikroskopla oxumaq mümkündür. Girişin ödənişsiz olduğu muzeydə həyatınızda gördüyünüz ən kiçik kitablarla qarşılaşa bilərsiniz.
Məqalədə 7,5 santimetrdən kiçik kitabların miniatür olaraq qəbul edildiyi muzeyin “Ginnesin rekordlar kitabı”na da düşdüyü vurğulanır.
Həmçinin muzeydə Türkiyədə də nəşr olunan kitabların yer aldığı qeyd olunur. Bildirilir ki, 2002-ci ildə açılan bu unikal mədəniyyət ocağında dini mövzularda olan kitablardan tutmuş, dünya klassiklərinədək 6 min nüsxədən çox kitab nümayiş etdirilir. Burada da kitablar kitabxanalarda olduğu kimi, kataloqlar vasitəsilə qeydiyyata alınır.
Məqalədə qeyd olunur ki, muzeyin ən önəmli kitablarından biri də XVII əsrə aid Qurani-Kərimdir. Bu kitab muzeydə saxlanılan ən qədim kitabdır və 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunub.
Bakıya gələn turistlərin də maraqla baş çəkdiyi yerlərdən biri olan muzeylə bütün dünyadan maraqlanan insanların olduğu qeyd edilir.
Məqalələr haqqında aşağıdakı linklərdən daha ətraflı oxuya bilərsiniz.