Rusiyanın “Metro” qəzeti ölkəmizin turizm imkanlarından yazır 
   
   Son illər Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar həyata keçirilən layihələr xarici ölkələrdən turist səfərlərinin artmasına səbəb olub. Bu artımda ölkəmizin turizm imkanlarının beynəlxalq aləmdə sistemli təbliğatı da mühüm rol oynayıb.    
   Son illər xarici ölkələrin mətbuat orqanlarında, internet saytlarında Azərbaycan turizmi və xalqımızın qonaqpərvərliyi haqqında silsilə məqalələr yayımlanır. Bu günlərdə Rusiyada nəşr olunan “Metro” qəzetinin 30 avqust nömrəsində “Azərbaycan turistləri özünün rəngarəngliyi ilə təəccübləndirəcək” adlı məqalə dərc edilib.
   Müəllif Anna Xramtsova yazır ki, dağ mənzərələrindən zövq almaq, Şərq şirniyyatının dadına baxmaq, müasir arxitekturanın möcüzələrini öz gözünlə görmək və dənizdə çimmək üçün İsveçrəyə, Mərakeşə, Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Tailanda uçmağa ehtiyac yoxdur. Bütün bunları özünü elə ilk baxışda sevdirən günəşli Azərbaycanda da tapa bilərsiniz: “Moskvadan Azərbaycanın paytaxtına həm təyyarə, həm də avtobusla getmək olar. Şəxsən mən birinci variantdan istifadə etdim və üç saat sonra Bakı şəhərində, texnikanın son nailiyyətlərini tətbiq etməklə inşa edilmiş aeroportda yerə endim”.
   Xanım jurnalist Bakı ilə tanışlığa İçərişəhərdən başlayıb: “Gəzintim Bakının rəmzi olan Qız qalasından başlandı. Arxeoloqlar hesab edirlər ki, qalanın tikintisi iki mərhələdə aparılıb: Birinci mərhələ islamdan əvvəlki dövrə, ikinci mərhələ XII əsrə aiddir. Qaladan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilib: XII əsrdə müdafiə təyinatlı qala olub, XVII-XIX əsrlərdə mayak rolu oynayıb, indi isə Qız qalasının içərisində müasir interaktiv muzey və şəhərə gözəl mənzərə açılan baxış meydançası yerləşir”.
   
   “Brilyant əl” filminin izləri ilə
   
   Yazıda qeyd olunur ki, İçərişəhərdə gəzişmək adama xüsusi zövq verir: “Hər biri unikal olan evlərin memarlıq üslubu adamı az qala ovsunlayır. Hələ ətrafa necə qoxuların yayıldığını demirəm! Sizə ənənəvi armudu stəkanlarda Azərbaycan çayının və ballı paxlavanın dadına baxmağı məsləhət görürəm. Məsələn, bunun üçün “Brilyant əl” kafesinə gedə bilərsiniz. Kafe yarım əsrdən çox əvvəl Leonid Qaydayın eyniadlı filmində Yuri Nikulinin qəhrəmanı Semyon Qorbunkovun yıxıldığı və artıq əli gipslənmiş vəziyyətdə ayıldığı yerdədir. Bu yer rusiyalı turistlər üçün bir növ əsl pərəstiş məkanına çevrilib. İnsanlar bura şəkil çəkdirmək və “Çyort poberi” sözlərini ucadan demək istəyi ilə gəlirlər”.
   
   Bakı əsl müasir arxitektura şedevridir
   
   Müəllif bildirir ki, Bakıda qədim binalar müasir tikililərə - Avropa səviyyəli dəbdəbəli hotellərə, ticarət və biznes mərkəzlərinə gözəl uyğunlaşıb. İçərisində ofislər, mehmanxanalar olan üç göydələndən ibarət “Alov qüllələri” şəhərin hər yerindən görünür. Bakı əsl müasir arxitektura şedevridir. Əfsanəvi arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi zahirən ya nəhəng balinanı, ya da kəpənəyi xatırladır. 
   
   Dəniz kənarında istirahət
   
   “Amma istənilən halda Bakının ən görməli yerlərindən biri Xəzər dənizidir. Onun bu dərəcədə təmiz və mülayim olması mənim üçün yenilik oldu. Şəhərin mərkəzində xüsusi çimərliklər yoxdur. Odur ki, çimmək və gündə qaralmaq üçün “Sea Breeze Resort” kurort qəsəbəsinə yollanmaq olar. Onun yaxınlığında, “Yanardağ” qoruğunda Abşeron yarımadasının ən heyrətamiz məkanlarından biri yerləşir. Nə yağışın, nə də qarın söndürə bildiyi alovun şölələndiyi dağ yamacı. Bu qeyri-adi mənzərənin izahı sadədir: torpağın yuxarı qatlarından ayrılan təbii qaz oksigenlə reaksiyaya girərək alova çevrilir”, - deyə məqalədə qeyd olunur.
   
   * * *
   Anna Xramtsova yazının sonunda Azərbaycana azı on gün müddətinə gəlməyi məsləhət görür: “Axı paytaxta tamaşa etmək bütün ölkəni görmək demək deyildir. Bakının 200 kilometrliyində Qəbələ şəhəri yerləşir. Onu tez-tez “Azərbaycanın İsveçrəsi” adlandırırlar. İlin isti vaxtlarında “Yeddi gözəl” şəlaləsinə gedə, raftinqlə məşğul ola, yaxud piyada dağ səyahətinə çıxa, qışda isə kanat yolları ilə təchiz edilmiş dağ kurortunda istirahət edə bilərsiniz. Amma ilin hansı fəslində gəlirsinizsə-gəlin, yerli delikateslərin - müxtəlif növ kababların, dolmanın, Azərbaycan plovunun, qutabın, şərab və digər təamların dadına baxmaq fürsətini əldən verməyin”.