Bu ilin yeddi ayında ölkəmizə 1 milyon 500 mindən çox turist səfər edib
   
   Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq bu gün ölkədə kifayət qədər festivallar, mədəni tədbirlər keçirilir, turistləri cəlb edəcək turizm məhsullarının sayı artırılır. Dünya artıq Azərbaycanı regionda turizm ölkəsi kimi qəbul edir.
   Bu sözləri Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Bildirib ki, ötən 7 ayın statistik mənzərəsinə baxsaq görərik ki, Azərbaycana 1 milyon 513 min turist gəlib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. Təkcə iyul ayında ölkəmizə 330 min turist gəlib ki, bu da sözügedən müddət ərzində ən çox turistin gəldiyi aydır.
   Şöbə müdiri qeyd edib ki, Azərbaycana ən çox turist gələn ölkələrin siyahısında Rusiya birinci yerdə dayanır. Ötən müddət ərzində bu ölkədən təxminən 500 minə yaxın turist gəlib. Körfəz ölkələrindən gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Digər sevindirici məqam ondan ibarətdir ki, qonşu ölkələrdən - Türkiyə və Gürcüstandan, eləcə də İrandan gələn turistlərin sayında da artım nəzərə çarpır.
   V.Şixəmmədovun sözlərinə görə, ölkəmizdə turizmdən gələn gəlirlər ümumi daxili məhsulun 4,1 faizini təşkil edir. Ölkəyə gələn turistlərin qalma müddətinə baxdıqda ən az 5-7 günlük səfər proqramları təşkil etdikləri görünür. Bunun da 3-4 gününü Bakıda, digər günlər isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir. Turizmi yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqəmlərinə baxsaq bu təxminən eynidir.
   Şöbə müdiri turizmin yalnız gecələmə, bələdçi, iaşə xidməti obyektlərindən ibarət olmadığını deyib. Bildirib ki, məqsəd turistlərin bu xərclərinin artırılması üçün əlavə xidmətlər təklif etməkdir. Qeyd edək ki, son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar ölkədə yeni, müasir turizm infrastrukturunun qurulması xidmət səviyyəsinin inkişafını təmin edib. Müasir istirahət məkanları və brend hotellər, həmçinin xalqımızın qədim tarixə, zəngin mədəniyyətə, mətbəxə və yüksək qonaqpərvərliyə sahib olması da xarici turistlərin ölkəmizə marağını artırır. Viza sisteminin sadələşdirilməsi, “ASAN viza”nın tətbiqi də ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artmasına müsbət təsir edir.