Kino işinin təşkilinə həsr olunmuş müşavirə keçirildi
Avqustun 31-də Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirildi.
Kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə kino qurumlarının rəhbərləri iştirak edirdi.
Müşavirədə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illərdə kino sahəsində qazanılan nailiyyətləri təhlil edən nazir müavini işdə olan qüsurlardan da söz açdı. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırıldı.
Qeyd olundu ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb. Əmrə əsasən, hər il sentyabr ayının 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək.
Tədbirdə müvafiq qurumlara hərbi hissələrdə, digər dövlət strukturlarının mədəniyyət mərkəzlərində mütəmadi olaraq filmlərin nümayişinin icra edilməsi tapşırıldı. Bundan əlavə, televiziya kanallarında milli filmlərin nümayişinə diqqətin artırılmasının vacibliyi vurğulandı.
Sonda Ədalət Vəliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və digər dövlət studiyalarına qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verdi.
Lalə Azəri