Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək.
Üçüncü dəfə təşkil olunan festivalda Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini, eləcə də filmlərini təqdim və təbliğ etmək imkanı qazanacaq.
Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək. Dörd gün ərzində Rumıniya paytaxtının sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan iki bədii ekran əsərinə - Samir Kərimoğlunun “Niyyət” (2010) və Mirbala Səlimlinin “Qırmızı bağ” (2016) filmlərinə baxa biləcəklər.