Gənc və yaşlı nəsil kinematoqrafçılarla görüşlərdə mövcud vəziyyət, nailiyyətlər, problemlər və perspektivlərdən ətraflı söz açıldı
   
   Sentyabrın 11-də Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüşü keçirildi. Görüş ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsində gənclərin roluna həsr olunmuşdu.
      
   Tədbirdə çıxış edən Ədalət Vəliyev milli kino sənayesinin inkişafı istiqamətində son on ildə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verdi. 
   Bildirdi ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev bu siyasəti layiqincə davam etdirir. 90-cı illərin çətin dövründə film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. 2001-ci ildən kino sahəsində dövlət idarəetmə funksiyasının Mədəniyyət Nazirliyi (2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən həyata keçirilməsi başlandı və bu sahəyə büdcə vəsaitləri ayrıldı. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni bir mərhələnin başlanması idi.
   Vurğulandı ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib. 
   Nazir müavini diqqətə çatdırdı ki, hazırda kino sahəsində Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası kimi təşkilatlar fəaliyyət göstərir. Onların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak etməli, müzakirələr və diskussiyalar, yaradıcılıq görüşlərində yaxından iştirak etməlidirlər: “Gənclər kinonun tamaşaçıya düzgün çatdırılmasında, kino zövqünün formalaşdırılmasında yaxından iştirak edərək həm də təcrübə qazanmalıdır. Eyni zamanda nazirliyin veb-saytında və dövri nəşrlərində kino fəaliyyətinin təbliği ilə bağlı işlər genişləndiriləcək. Yaxın günlərdə biz KİV nümayəndələrinin iştirakı ilə milli kinonun təbliği məsələlərinə həsr olunmuş dəyirmi masanın da keçirilməsini planlaşdırırıq”.
   Nazir müavini bildirdi ki, kino sahəsində gənclər üçün hər cür şərait yaradılıb. Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. “Bu meydan, bu ekran” müsabiqələrinin qalib layihələri əsasında müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Bu il Azərbaycan həyatını əks etdirən qısametrajlı filmlər üçün növbəti ssenari müsabiqəsi elan ediləcək.
   Dünyanın müxtəlif ölkələrində yaşayan kino təhsilli azərbaycanlı gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət edilib. Son illər ərzində on gənc kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib: “Biz istərdik ki, kinonun özəl sektorunda çalışan gənclər filmlərin təbliğində və ümumilikdə Azərbaycan kinosunun inkişafında yaxından iştirak etsinlər”.
   Gənc kino işçilərini maraqlandıran sualları cavablandıran Ədalət Vəliyev diqqətə çatdırdı ki, gənclər kinonun inkişafı və təbliği ilə bütün təkliflərini nazirliyin müvafiq qurumuna təqdim edə bilərlər. Uyğun təkliflər nəzərə alınaraq müzakirəyə çıxarılacaq. Gənclərin təqdim etdikləri ssenarilər, kino layihələri mütəmadi olaraq mətbuatda işıqlandırılacaq.
   Tədbirdə həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək gənc kinematoqrafçıları maraqlandıran sualları cavablandırdılar.
   * * *
   Sentyabrın 12-də Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin yaşlı nəsil kinematoqrafçılarla görüşü keçirildi. Bu görüş də kino işinin inkişaf etdirilməsi məsələlərinə həsr olunmuşdu.
   Tədbirdə çıxış edən nazir müavini ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində görülən işlər, son illərdə əldə olunan nailiyyətlər haqqında danışdı.
   Bildirdi ki, 2018-ci ildə 120 illiyi qeyd olunacaq Azərbaycan kinosu ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşayıb. Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı.
   Azərbaycanda kino sənayesinin böyük potensialının olduğunu deyən Ədalət Vəliyev qeyd etdi ki, bunu sovet dövründə rejissor, ssenarist, operator və aktyorlarımızın ərsəyə gətirdikləri dəyərli filmlər bir daha sübut edir. Bildirildi ki, bütün gücümüzü birləşdirib yenidən Azərbaycan kino sənayesinin inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq.
   Son illərdə kino sahəsində qazanılan uğurlardan danışan nazir müavini problemlərdən də bəhs etdi, kino qurumlarının gələcək fəaliyyəti ilə bağlı qarşıda duran məqsəd və vəzifələri diqqətə çatdırdı.
   Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıq, kinonun inkişafı və təbliğatı məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Nazir Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 242 müəssisə mövsümün açılışına hazırdır. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seansların ayrılması nəzərdə tutulub. 
   Ədalət Vəliyev Azərbaycan kinosunun inkişafı və təbliğində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söz açdı: “Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini illərdir ki, davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib”.
   Diqqətə çatdırıldı ki, Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan kinosu günləri keçirilib. Bakıda üç dəfə Turizm Filmləri Festivalı və iki dəfə İdman Filmləri Festivalı uğurla gerçəkləşib.
   Görüşdə kino işçilərini maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı. 
   Kinorejissor, Xalq artisti Oqtay Mirqasım, əməkdar incəsənət xadimləri - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev, kino tarixçisi Aydın Kazımzadə, rejissor və kinoşünas Ayaz Salayev, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, həmçinin Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev çıxış edərək milli kino sənayesinin inkişafı istiqamətində öz təkliflərini səsləndirdilər. 
   
   Lalə Azəri
   Fariz Hüseynov