Sentyabrın 9-da İtaliyanın Lido adasında avqustun 30-dan sentyabrın 9-dək davam edən 74-cü Venesiya kinofestivalına yekun vurulub.
   Rejissor Aleksandr Peynin “Qısacası" satirik komediyası ilə açılan festivalda Takeşi Kitanonun «Qanunsuzluq: son fəsil» filmi nümayiş olunub.
   Festivalın müsabiqə proqramında göstərilən 21 ekran əsəri arasında Meksika rejissoru Gilyermo del Toronun «Suyun forması» adlı romantik nağılı qalib gələrək «Qızıl şir» mükafatına layiq görülüb. “Gümüş şir” mükafatının və ikinci yerin sahibi Fransa rejissoru Ksavye Leqranın “Qəyyum” filmi olub. 
   Festivalın dəyər baxımından üçüncü sayılan Qran-pri mükafatını İsrail rejissoru Samuel Maozanın «Fokstrot» adlı müasir satirası qazanıb.
   “Ən yaxşı kişi rolu” nominasiyasında Kamel El Başa (“Volpi kuboku”), “Ən yaxşı qadın rolu” nominasiyasında isə Şarlotta Remlinq (“Hanna”) mükafatlandırılıb.
   “Ən yaxşı gənc aktyor” nominasiyasında Marçello Mastroyaninin adına mükafatla «Pitə etibar edin» ekran əsərində baş rolu ifa edən Çarli Plammer təltif edilib.
   Avstraliyalı rejissor Uorvik Torntonun «Əziz ölkə» tarixi vesterni münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. 

   İlona