Qazaxıstanın 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türküstan şəhərində "Qızıl Saka" Türk dünyası animasiya filmləri festivalı keçirilib.
   TÜRKSOY-un və Cənubi Qazaxıstan vilayətinin işbirliyi ilə gerçəkləşən festivalda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, habelə Rusiya Federasiyasının Başqırdıstan, Yakutiya və Altay respublikalarından 20-dək animator iştirak edib.
   "Qızıl Saka" festivalının jüri heyətində “TRT Çocuk” kanalının koordinatoru Bəkir Yıldızcı (Türkiyə), "Kazakfilm"in redaktoru Səltənət Düngenbaeva (Qazaxıstan) və başqaları yer alıblar. 
   Əhməd Yasəvi Universitetinin mədəniyyət mərkəzində keçirilən mətbuat konfransında münsiflər heyətinin üzvləri festivalın əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, layihənin məqsədi türk dünyasında birliyin və həmrəyliyin artırılması və qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsidir.
   Sonra animasiya filmləri jüri heyətinə təqdim edilib. Festivalda ilk 3 yeri Özbəkistan, Türkiyə və Qazaxıstan animatorlarının filmləri tutub. Baş mükafat isə Qazaxıstan animasiya filminə təqdim olunub. 
   
   Mehparə Sultanova
   Ankara