Cahangir Novruzova həsr olunan sənədli film Adana kinofestivalında təqdim edilib
   
   Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən XXIV Beynəlxalq Adana Film Festivalı çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Novruzov haqqında "2 dil - 1 harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.
   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüseri Türkiyədə yaşayan soydaşımız Nəcibə Abbasovadır.
   Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası - Azərbaycan peşəkar teatrının yaradıcılarından Cahangir Zeynalov, anası - Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və bu gün də Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər. 
   Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub.
   Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq. Hər il olduğu kimi, festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək. 
   "2 dil - 1 harmoni" filminin rejissoru Nəcibə Abbasovanın sözlərinə görə, film bu günə qədər bir sıra festivallarda iştirak edib. Bu sıraya Argentinada keçirilən “Festival de Cino Turco”, Portuqaliyada keçirilən “Figueira Film Art Festival”, ABŞ-da keçirilən “Indiewise Virtual Festival” qeyd etmək olar. 
   Ekran əsəri həmçinin Meksikada “Cinepobre Film Festival” və Antalya Beynəlxalq Film Festivalında nümayiş etdirilib.
   
   Mehparə Sultanova
   Ankara